Azərbaycanda 183 alman şirkəti fəaliyyət göstərir

Azərbaycanda 183 alman şirkəti fəaliyyət göstərir

10 Noyabr 2015 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın paytaxtı Berlində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 5-ci iclası keçirilib. İclasa Azərbaycandan İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, Almaniyadan Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik ediblər.

Economy.gov.az-ın məlumatına görə, iclasda Azərbaycanla Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 4-cü iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda 183 alman şirkəti fəaliyyət göstərir. Almaniya əsas kapitala 475,5 milyon ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 345,2 milyon ABŞ dolları həcmində investisiya qoyub. Almaniya şirkətləri ölkədə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər. 2013-cü illə müqayisədə 2014-cü ildə ticarət dövriyyəsi 21% artıb.

İclasda bəzi alman şirkət və təşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyəti diqqətə çatdırılıb, həmin şirkətlər haqqında məlumatlar qarşı tərəfə təqdim olunub və onların qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Almaniya tərəfi bu məsələnin araşdırılacağını qeyd edib.

Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupu Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi arasında 2011-ci ildə imzalanmış memoranduma əsasən yaradılıb.

Mediainfo.az