
Qanunsuz yolla mənimsənilən 42,3 milyon manat dövlət büdcəsinə qaytarılıb
"2015-ci ilin 8 ayı ərzində vergi orqanlarının təşəbbüsü ilə borclarını ödəməkdən imtina edən 148 vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 114 vergi ödəyicisinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi hesabına tutulması məhkəmələr tərəfindən təmin edilib.
Yeri gəlmişkən, bu üsullar dünya ölkələrində vergi borcunun ödənilməsi istiqamətində məcburiyyət vasitəsi kimi geniş istifadə olunur və borc öhdəliklərinə etinasız yanaşan ödəyicilərə səmərəli təsir mexanizmlərindən biri hesab edilir".
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumatda bildirilir ki, bu barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə məlumat verib.
O qeyd edib ki, 2015-ci ilin 8 ayı ərzində 1961 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borcu üzrə əmlakın siyahıya alınması barədə qərarlar açılıb və 42,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib:
"Təkcə cari ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb.
162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayınan 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanıb. Başlanmış cinayət işləri üzrə təkcə bu ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə olan 363 iş üzrə icraata xitam verilib.
Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilib".
Z.Məmmədzadə bildirib ki, cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub:
"Onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 2015-ci ilin 8 ayı ərzində 162,6 milyon manat məbləğində vergini ödəməkdən yayındığına görə 1394 vergi ödəyicisi barəsində cinayət işi açılıb. Açılmış cinayət işlərindən 444-ü məhkəməyə göndərilib".
Mediainfo.az