Mərkəzi Bank bankomatları nəzarətə götürdü
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarına plastik kartların təhlükəsizliyini təmin etmək üçün ilin sonuna qədər vaxt verib.
Bu barədə bank sektorundakı mənbələrdən bildirilib.
Belə ki, AMB-in tələbinə əsasən yaxın 3 ay ərzində bütün bankomatlarda azı 2 kamera quraşdırılmalıdır. Bunlardan 1-i hesabından pul çıxarmaq istəyən şəxsin üzünü görmək (söhbət bankomatın güzgü hissəsindəki gözlə görünməyən kameradan gedir) üçün olmalıdır. Digər kamera isə bankomatdan pulun çıxdığı yeri nəzarətdə saxlamalıdır. Bu kameranın görüntüləri ən azı 6 ay müddətində saxlanılmalıdır.
Bundan başqa, AMB-nin tələbinə əsasən, bank kartlarına kənar müdaxilənin qarşısını almaq üçün bankomatlarda anti-skimminq avadanlığı quraşdırılmalıdır.
Məsələ ondadır ki, bəzən bankomata kənar şəxslər xüsusi materialdan hazırlanmış ağ rəngli plastik kart daxil edir və bununla da bankın müştərilərinə məxsus, bankomata salınan kartların göstəricilərini əldə edirlər. Kartın üzərindəki 16 rəqəmli nömrə, 3 rəqəmli CVV kodu, kartdan istifadə müddətinin hansı il, hansı ay başa çatacağı ilə bağlı məlumatlar ələ keçdikdən sonra onunla internetdə əməliyyat aparmaq mümkün olur. Buna görə də, banklardan bu istiqamətdə də təcili tədbirlər görmək tələb edilir.
Mediainfo.az