Onlar Masallının fəxridir!

Onlar Masallının fəxridir!

8 Sentyabr 2015 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

Arzuları çiçək açır
Kamin Rəhmətov 1990-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Atasını vaxtsız itirib. Anası Şəhla xanım onun təlim-tərbiyəsində xüsusi rol oynayıb. Kamin doğma kənd məktəbində oxuyub. Kimya-biologiyaya məhəbbəti sonsuz olub. Üç il dalbadal (2005, 2006 və 2007-ci illər) rayon kimya olimpiadasının qalibi olub. 2006-cı ildə Respublika Fənn Olimpiadasında ikinci yeri tutub.
2007-ci ildə Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirən Kamin 673 balla Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Universitetdə də əla qiymətlə oxuyub, ictimai işlərlə məşğul olub. Qrup və kurs nümayəndəsi olmaq dərsə, imtahana maneçilik etməyib. 3-cü kursdan elmi mövzuda çalışmalara başlayıb, konfranslarda iştirak edib.
Zəhmətsevər tələbə K.Rəhmətov 2009-cu ildə ADTU-da elmi-praktik çalışmaya görə Sitologiya, Histologiya və Embriologiya kafedrası tərəfindən "Fəxri tələbə" adına və eyni adlı təqaüdə layiq görülür. "Yemək borusu xərçənginin Azərbaycanda rast gəlinən potohistoloji formaları" adlı mövzusunda Tələbə Elmi Cəmiyyətinin konfransındakı çıxışı professor-müəllim heyəti tərəfindən yüksək dəyərləndirilir və nəzəri təbabət bölməsində birincilik qazanır. Bu mövzu ilə TEC konfransında cərrahi paneldə də birincilik (2011) əldə edir. Kaminin apardığı klinik çalışmaların bəhrəsi olan "Kompression-distraksion aparatlarla aparılan osteosintezin nəticələri" mövzusunda Plenar Elmi iclas üçün (2011) seçilmiş azsaylı elmi çalışma akademik-professor heyəti tərəfindən yüksək dəyərləndirilir. Bu elmi çalışma ADTU adından, rektor, akademik Əhliman Əmiraslanov tərəfindən Respublika Elmi Konfransına, ölkəmiz adından isə Dünya Tibb Tələbələri Konqresinə namizəd kimi irəli sürülür.
Türkiyənin Samsun şəhərində, Ondokuz Mayıs Universitetində keçirilən Dünya Tibb Tələbələri Konqresində (2011) Azərbaycan adından çıxış edən yerlimiz K.Rəhmətov cərrahi bölmədə birinciliyin –"Qızıl Plaket"in sahibi, XXII Respublika Elmi Konfransında eyni adlı elmi işlə tibb bölməsinin qalibi kimi Təhsil Nazirliyinin Sertifikatını qazanır. Gənc tədqiqatçımız 2011-ci ilin elmi yekunlarına həsr olunan elmi konfransda akademik-professor, müəllim heyəti tərəfindən "İlin ən yaxşı elmi tədqiqatçısı" adına layiq görülür. Kamin 2012-ci ilin aprelində yenidən TEC-nin konfransında cərrahi paneldə "Ətrafların odlu silah yaralanmaları" mövzusunda çıxışa görə diplomla təltif olunur və ADTU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri olmuş professor, Əməkdar elm xadimi Həsən Həsənovun xatirəsinə həsr edilmiş elmi-praktik jurnalda "Qida borusu transplantasiyası" ilə bağlı elmi işi çap olunur. 2013-cü ildə Beynəlxalq Cərrahi Konfransın iştirakçısı olan təmsilçimizin iki elmi məqaləsi konfrans jurnalında çap olunur. 2014-cü ildə Hacettepe Universitetinin təşkil etdiyi VII Beynəlxalq Konfransda çıxış edən Kamin diplomla təltif olunur.
Azərbaycan Milli Ordusunda hərbi xidmətini başa vurduqdan sonra elmə olan məhəbbəti Kamini 2014-cü ildə Rusiyanın tədqiqat ocaqlarına aparır. Hazırda 50-dən çox ölkədən 3000-dən artıq tələbənin təhsil aldığı Kursk Dövlət Tibb Universitetində elmi araşdırmalarını davam etdirir. Ümumrusiya Gənc Tədqiqatçılar Konqresinə hazırlaşır.
Kursk şəhər xəstəxanasında çalışan azərbaycanlı klinisist, həkim-cərrah, dövlət orqanlarında nümunə göstərən həmvətənlərimiz kimi Kamin Rəhmətov da diaspor fəalıdır. Rusiya Azərbaycanlı Gənclər Birliyinin çoxsaylı üzvlərindən biridir. Diaspor xətti ilə keçirilən tədbirlərdə, yığıncaqlarda fəal iştirak edir.
...Arzular həmişə bizi müşayiət edir. Bu gün arzuladığının yerinə sabah başqası "qonur". Hişkədərəli Kamin Rəhmətovun da arzuları çiçək açır. Ümidvarıq ki, bu yolda hələ çox uğurun şahidi olacağıq. Allah elimizə-obamıza çox görməsin onu...
Əlihüseyn ŞÜKÜROV

Masallı- Moskva - Murmansk - Bakı, sentyabr 2015