Şagirdi xilas edərkən həlak olan müəllimin ailəsi üçün ev tikildi
Təhsil Nazirliyinin təşəbbüsü ilə Sabirabadın Cavad kəndində ötən ilin dekabrında məktəblini Kür çayında batmaqdan xilas edərkən həlak olmuş müəllim Əhliman Hüseynovun ailəsi üçün tikilən yaşayış evi tam hazırdır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad rayonu 5 nömrəli tam orta məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ailəsi üçün tikilmiş ev bu ay ərzində təhvil verəcək. 100 kvadrat metrlik bu evdə bütün şərait təmin olunub.
Bundan başqa, 2015/2016-cı tədris ilinin başlanğıcında bir sıra təhsil obyektlərinin tikintisi və təmiri başa çatdırılacaq, eyni zamanda yenilərinin təməli qoyulacaq. Yeni təhsil müəssisələrinin tikintisi əsasən bölgələri əhatə edir. Təmir-tikinti qrafikinə uyğun olaraq, sentyabr və oktyabrda Gədəbəydə Moruxlu, Bərdədə Türkmənkənd, Kürdəmirdə Atakişili, Şəkidə Qaratorpaq, Lerikdə Anbu, Zaqatalada Yengiyan, Şamaxıda Şərədil, Astarada Artupa və Sım, Cəlilabadda İncilli, Qubada Əspərasti və Məckə-Xacə kənd tam orta məktəblərinin tikintisinin başa çatdırılması və təhvil verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Şəmkir şəhərində Nizami Gəncəvi adına məktəbin, Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin tikintisi yekunlaşdırılacaq, Qəbələdə peşə məktəbinin təməli qoyulacaq. Yeni tədris ili ərəfəsində əsaslı təmir olunmuş bir sıra təhsil müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək. Belə ki, Balakən rayonu Ümumi orta internat məktəbinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tədris korpusunun, Bakı Texniki kollecinin, Bakı Rabitə və Nəqliyyat kollecinin, Kimya-biologiya təmayüllü Respublika liseyinin, Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin əsaslı təmiri artıq yekunlaşıb.
Mediainfo.az