Vüqar Bayramov: “Zamin duranda ciddi düşünün”

Vüqar Bayramov: “Zamin duranda ciddi düşünün”

26 Avqust 2015 17:55
Bəyəndim (0) Bəyənmədim (0)

Son zamanlar ən çox müraciət edilən məsələlərdən biri kredit götürülən vaxt zamin olan vətəndaşlarımızın bir sıra hallarda sonradan həmin borcu qaytarmağa məcbur olmasıdır.

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O, kredit götürülən vaxt zamin olan vətəndaşları ehtiyatlı olmağa çağırıb:

"Bəzi zamin olan vətəndaşlarımız bankla bağlanan müqavilədə kreditin qaytarılmasında problem olduğu halda onun bankda olan kart hesabından pulun çıxılmasına da razılıq verdiyindən sonradan borc qaytarıla bilməyəndə hesabdan vəsait azaldılır. Apardığımız monitorinqlər göstərir ki, əksər hallarda zamin olan şəxslər müqaviləni oxumadan imzalayıblar. Belə olan halda formal prosedura hesab edilən zaminlik müqaviləsi sonradan ciddi xərclərə yol aça bilər. Əksər hallarda isə kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək zaminləri cəlb edir. Bankla bağlanılan müqaviləyə əsasən, zamin borc götürən qədər məsuliyyət daşıyır. Kredit qaytarıla bilməyəndə isə zamin həmin borcun qaytarılmasına şərik edilir. Ona görə də vətəndaşlar yaxından tanımadıqları, ödəmə qabiliyyətini tam bilmədikləri insanlara zamin duran zaman ehtiyatlı olmalıdırlar. Nəzərə alın ki, çox fərqli səbəblərdən dolayı istənilən kreditin ödənilməsində problemlərin olması heç zaman istisna edilmir".

Mediainfo.az