Rövnəq Abdullayev: "Bu ilin ikinci yarısında neftin qiyməti sabitləşəcək"

Rövnəq Abdullayev: "Bu ilin ikinci yarısında neftin qiyməti sabitləşəcək"

28 Aprel 2015 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

"Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin alınması məsələsi Azərbaycan Dövlət Neft Şirkətindən asılı deyil".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, DESFA-nın özəlləşdirilməsi ilə bağlı müqavilənin imzalanması ilin sonuna kimi uzadılıb.

"Hazırda bununla bağlı araşdırma aparılır və 34 nəfərlik nümayəndəmiz Avropa Komissiyasının verdiyi sualları cavablandırır".

Xatırladaq ki, DESFA-nın ARDNŞ tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin ARDNŞ tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu (HRADF) və "Petroleum" şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb. ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin ARDNŞ-a verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Rövnəq Abdullayev əlavə edib ki, neftin qiyməti ilə bağlı indidən proqnoz vermək düzgün olmaz.

"Heç kim deyə bilməz ki, neftin qiyməti necə olacaq. Neftin qiyməti təkcə iqtisadi amillərdən yox, siyasi, geosiyasi amillərdən də asılıdır. Ona görə hesab edirik ki, neftin qiymətinin maya dəyəri səviyyəsindən aşağı düşmək imkanı yoxdur və olmayacaq. Neftin hazırkı qiyməti ən aşağı həddədir".

ARDNŞ prezidentinin proqnozlarına görə, cari ilin ikinci yarısında "qara qızıl"ın qiyməti sabitləşəcək.

Mediainfo.az