"Ekspressbank" xanım müştərilərinin faiz borcunu sildi

"Ekspressbank" xanım müştərilərinin faiz borcunu sildi

6 Mart 2015 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Expressbank" sosial yönümlü fəaliyyətinə uyğun olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə az təminatlı xanım müştərilərinin faiz borclarını silib.

Bankdan "Apa-Economics"ə verilən məlumata görə, kredit öhdəliyini yerinə yetirə bilməyən, uzun müddətdir ki, aylıq ödənişini vaxtında edə bilməyən xanımların faiz borcları bank tərəfindən silindi.

"Bu layihə çərçivəsində az təminatlı, yaxınını itirmiş, xəstə ailə üzvü olan və daha çox maliyyə sıxıntısı keçirən bir sıra xanım müştərilərin faiz borclarını sildik. Məhz belə layihələr həyata keçirməklə ehtiyacı olan ailələrə kömək etmiş oluruq. Fürsətdən istifadə edərək, qarşıdan gələn 8 mart bayramı münasibətilə "Expressbank" adından xanımları təbrik edirik, onlara firavan həyat və sevincli günlər arzulayırıq" - deyə "Expressbank"ın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

"Expressbank" korporativ sosial məsuliyyət çərçivəsində olan layihələrə böyük önəm verərək, mütəmadi olaraq müxtəlif sosial tədbirlər həyata keçirir. Kimsəsiz qocalar və uşaq evlərini ziyarət, müxtəlif hədiyyə aksiyaları və s. qeyd etmək olar. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5 000-dək POS-terminal və 180-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə bilərsiniz.

Mediainfo.az