Azərbaycanlı QHT sədri Kıprıs prezidenti ilə görüşüb

Azərbaycanlı QHT sədri Kıprıs prezidenti ilə görüşüb

22 Yanvar 2015 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ceyhun Ələkbərov: "Azərbaycan Xocalı qətliamının dünyada soyqırım aktı kimi tanıdılması istiqamətində ciddi addımlar atır"

Soyqırım Həqiqtələrini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və EkoAvrasiya Dərnəyinin başaqnı Hikmət Eren Quzey Kıprıs Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğlu ilə görüşüb.

Ceyhun Ələkbərov qəbulun mediaya açıq hissəsində çıxışında bildirib ki, bu gün Kıprısın problemləri olduğu kimi, Azərbaycanın və ümumilikdə türk dünyasının problemləri mövcuddur. Onun sözlərinə görə, bu səbəbdən də Türk dünyasının bir olması çox önəmlidir.

Fəaliyyəti zamanı keçirdiyi tədbirlərdə Azərbaycanın Qarabağ problemi kimi Kıprıs problemini də gündəmə gətirdiklərini söyləyən Ceyhun Ələkbərov, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu vurğulayaraq, ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırım aktının eynisini yunanların da Kıprısda gerçəkləşdirmək istədiyini diqqətə çatdırıb.

Dünyanın bu haqlı səsləri duymayıb, ikili standart siyasəti həyata keçirməsinin Azərbaycan xalqının və Kıprıs türkünün müsəlman olmasından qaynaqlandığını söyləyən Ələkbərov Azərbaycan torpaqlarının işğalda qalmasının çox acı, eyni zamanda Quzey Kıprıs Türk Cümhuriyyətinin tanınmamasının arzuolunmaz bir durum olduğunu önə çəkib.

Ceyhun Ələkbərov həmçinin əlavə edib ki, Azərbaycan Xocalı qətliamının dünyada soyqırım aktı kimi tanıdılması istiqamətində ciddi addımlar atır. O, qardaş Türkiyənin də Xocalı soyqırımını tanımasını arzu etdiyini bildirib. O, həmçinin Azərbaycan torpaqlarının işğalından 25 il keçməsinə və BMT-nin ermənilərin işğal etdiyi torpaqları qeyd şərtsiz azad etməsi ilə bağlı 4 qətnamənin olmasına baxmayaraq hələ də dünya, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən əməli addım atılmadığını vurğulayıb.
QKTC prezidenti Dərviş Eroğlu isə Azərbaycanın müstəqil olmasından sevindiyini deyib. O, Azərbaycanın müstəqilliyi uğrunda savaşanları sayğı ilə andığını, şəhid olanları isə rəhmətlə andığını vurğulayıb.

Ermənistanın hələ də Azərbaycan torpaqlarını işğalda saxlamasının üzücü olduğunu qeyd edən Eroğlu buna Rusiya və dünyanın səssiz qaldığını ifadə edərək, yaxın gələcəkdə bu torpaqların da azad olunacağına ümid etdiyini bildirib.

Tanınmamış olmanın verdiyi sıxıntıların yaşandığını və bu durumda qardaş ölkələrlə əlaqələrin önəmli olduğunu önə çəkən Eroğlu, dərnək, ictimai birlik və digər təşkilatların təmsilçilərinin başlatdığı ziyarətlərə daha sonra hökumət təmsilçilərinin də qatılmasını və bu əlaqələrin daha da inkişaf etməsi, irəliyə daşınmasını arzu etdiyini deyib. Eroğlu həmçinin Azərbaycan, eləcə də digər türk dövlətlərinə qapısının hər zaman açıq olduğunu vurğulayıb.

EkoAvrasiya başqanı Hikmət Eren bildirib ki, Türk dünyasının bir olması üçün bütün istiqamətlərdə çalışmaq lazımdır. O, əlavə edib ki, QHT-lər də bu istiqamətdə fəal olmalıdırlar. Xalqlarımızın yaxınlaşması və dünyada uğur qazanmağımız üçün QHT-lərin daha ciddi fəaliyyəti önəmlidir.

Görüş Kıprıs mediasının marağına səbəb olub və geniş formada işıqlandırılıb.

Mediainfo.az