RF iqtisadi inkişaf naziri: “İnkişaf dövrü dönməz şəkildə arxada qalıb”

RF iqtisadi inkişaf naziri: “İnkişaf dövrü dönməz şəkildə arxada qalıb”

14 Yanvar 2015 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiya iqtisadiyyatı üçün rahat inkişaf dövrü dönməz şəkildə arxada qalıb".

Apa-nın xəbərinə görə, bu sözləri Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskvada keçirilən Qaydar Forumundan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, inkişaf dövrü daha kəskin, daha statik və münaqişəli dövrlə əvəzlənib: "Ona görə də neftin istər 130 dollar olduğu, istərsə də 30 dollar olduğu situasiyada bizim tədbirlərimiz buna adekvat olmalıdır".

Nazir Rusiyanın suveren reytinqinin böyük ehtimalla "S&P" (Standard & Poor’s) agentliyi tərəfindən aşağı salınacağını qeyd edib. O, Rusiya əhalisinə böhranlı dövrdə sakit qalmağı məsləhət görüb: "Ən başlıcası, mənəvi rahatlığı qorumaq, ailədə möhkəm arxa-dayağa sahib olmaq və hər şeydən daha çox özünün və yaxınlarının sağlamlığını düşünməkdir. Barellər, sanksiyalar, bunlar keçicidir".

Xatırladaq ki, "Fitch" reytinq agentliyi yanvarın 9-da Rusiyanın uzunmüddətli reytinqini "BBB-" səviyyəsinə salıb. Bu səviyyədən aşağı səviyyə "zibil" səviyyəsi hesab edilir. Adətən reytinqi "zibil" olan ölkənin iqtisadiyyatına kənardan hər hansı sərmayə yatırılmır və həmin ölkənin maliyyə bazarı alt-üst olur.

Mediainfo.az