Dilçilik İnstitutu monitorinq aparacaq

Dilçilik İnstitutu monitorinq aparacaq

12 Yanvar 2015 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ölkəyə gətirilən məhsulların üzərindəki yazıların Azərbaycan dilinin ədəbi normalarına uyğunluğunun monitorinqini aparacaq. AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli Apa-ya açıqlamasında bildirib ki, bu məsələ "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda xüsusi olaraq göstərilir.

Q. Məhərəmli qeyd edib ki, Azərbaycana gətirilən məhsullar iki kateqoriyaya bölünür: "Elə avadanlıqlar var ki, onların üzərində ümumiyyətlə, yazı yoxdur, halbuki olmalıdır. İkinci məhsullar ondan ibarətdir ki, yazılar olsa da, bunlar normalara uyğun deyil. Məsələn, səhiyyə sahəsi üzrə dərman preparatlarının dili ilə bağlı monitorinq keçirilib. Hesab edirik ki, belə əməkdaşlıq çox fayda verir. Dərman preparatları ilə bağlı araşdırmadan sonra Səhiyyə Nazirliyi bu istiqamətdə konkret addımlar atır".

Q. Məhərrəmli əlavə edib ki, bu gün bəzi böyük supermarketlərdə üzərində tərkibi Azərbaycan dilində yazılaraq süni şəkildə əlavə yapışdırılan məhsullara rast gəlinir: "Belə olmamalıdır. Onların Azərbaycan dilində tərkibi məhsulun üzərində bir elementi kimi olmalıdır. Bunlar istehlakçı hüquqları ilə bağlı olan məsələdir. Biz isə Dilçilik İnstitutu olaraq yazıların Ana dilində düzgün və dəqiq olmasına nəzarət etməliyik. Amma yazılar yoxdur, niyə yoxdur, bizim səlahiyyətimizdən kənar olan məsələdir. Sadəcə, məhsulların üzərində olan yazıların Ana dilinə uyğunluğu məsələsi nəzərdən keçiriləcək".

Mediainfo.az