Ərzaq böhranı gözlənilir

Ərzaq böhranı gözlənilir

22 İyun 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə hazırladığı hesabatda bildirilir ki, qarşıdakı 10 il ərzində taxılın qiyməti orta hesabla 20%, ətin qiyməti isə 30% arta bilər. Dünyada kənd təsərrüfatının perspektivlərinə həsr olunmuş hesabatda bildirilir ki, ərzağın bahalaşması planetin əhalisinin sayının sürətli artımı fonunda baş verəcək. 2050-ci ildə dünya əhalisinin sayı indiki 6,9 mlrd. nəfərdən 9,2 mlrd. nəfərə çatacaq. Həmin vaxt isə kənd təsərrüfatının inkişaf sürətinin zəifləməsi gözlənilir. Bunun səbəbi təbii resursların tükənməsi, iqlim dəyişiklikləri və kənd təsərrüfatı məhsullarının bioyanacaq üçün xammal kimi istifadə olunmasıdır. İƏİT-nin hesablamalarına görə, 2020-ci ilədək dünyada kənd təsərrüfatının artım sürəti 1,7% təşkil edəcək. Halbuki bundan əvvəlki onillikdə bu rəqəm 2,6% olub. Məhsul istehsalının artım sürətinin azalması demək olar ki, bütün bitkilərdə hiss olunacaq, amma bu azalma ən çox yem və yağlı bitkilərdə baş verəcək. Bu isə öz növbəsində dünyada taxılın qiymətinə təsir etməyə başlayacaq. Mütəxəssislər artıq bu prosesin başladığını bildirirlər: son 12 ayda Çikaqo birjasında qarğıdalının qiyməti 73%, taxıl 48%, düyü isə 27% bahalaşıb.

Qarşıdakı ərzaq böhranından çıxış üçün müxtəlif yollar təklif olunur. Məsələn, "Oxfam" çoxtərəfli ərzaq ehtiyatlarının yaradılmasını, bioyanacaq üçün əkin sahələri ayrılmasının qadağan olunmasını, ərzaq bazarındakı spekulyasiyalara nəzarət tətbiq etməyi, eləcə də kiçik fermerlərə və mühitin dəyişməsindən müdafiə fondlarına pul ayırmağı təklif edir.

Ərzaq bol olarsa, basılmaz vətən.

Tofiq Əliyev

O.M.