Tovuzda 2 şadlıq evində ciddi qanun pozuntuları aşkar edildi

Tovuzda 2 şadlıq evində ciddi qanun pozuntuları aşkar edildi

9 Oktyabr 2014 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz rayonunda fəaliyyət göstərən "Ocaq" və "Aysu" şadlıq evlərində ciddi qanun pozuntuları aşkar edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Tovuz rayonu, Alakol kəndində yerləşən fiziki şəxs Məmmədova Mətanət Zaman qızına məxsus "Ocaq" şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Şadlıq evi və restoran əhaliyə iaşə xidməti göstərir.

Araşdırma zamanı bir neçə nöqsan aşkar edilib. Belə ki, müəssisə göstərdiyi iaşə xidmətini sertifikatlaşdırmayıb, hazırlanan yeməklər müvafiq şəkildə təsdiq edilmiş resepturası və texnoloji təlimatı olmadan hazırlanır, məhsulların saxlanmasında mal qonşuluğu pozulur. Həmçinin iaşə xidməti sahəsinin mətbəxində çalışan işçilərin və personalın sanitar kitabçaları yoxlamaya təqdim olunmayıb, hazırlanan yeməklərin sınaqları dövrü olaraq aparılmır və sınaq protokolları mövcud deyildir.

Müəssisə iaşə xidmətini sertifikatlaşdırmadığı üçün, eləcə də restoranda hazırlanan manqalüstü yeməklərə lülə və tikə kababları üçün hazırlanmış yarımfabrikatlara uyğunluq sertifikatları almadığı üçün İnzibati xətalar məcəlləsinin 228.0.4-cü maddəsinə uyğun olaraq, müəssisəyə inzibati xəta haqqında protokol tərtib edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin digər məlumatında bildirilir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində yerləşən fiziki şəxs İsmayılova Kifayət Sarı qızına məxsus "Aysu" şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Şadlıq evi əhaliyə iaşə xidməti göstərir.

Araşdırma zamanı müəssisənin iaşə xidmətinin sertifikatlaşdırılmadığı aşkar edilib. İstismar olunan 8 ədəd ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçirilməyib, hazırlanan yeməklərin müvafiq şəkildə təsdiq edilmiş resepturası və texnoloji təlimatı yoxdur, hazırlanan yeməklərin sınaqlarını aparmaq üçün sınaq laboratoriyası yoxdur və hər hansı bir laboratoriya ilə müqavilə bağlanmayıb.

Müəssisə İnzibati xətalar məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə uyğun olaraq cərimə edilib.

Mediainfo.az