Məcburi köçkünlər yeni qəsəbəyə köçürülür

Məcburi köçkünlər yeni qəsəbəyə köçürülür

8 Oktyabr 2014 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq inşa edilən qəsəbəyə rayonun "Dörd yol" adlanan ərazisində ağır şəraitdə yaşayan köçkünlər köçürülür. Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Ümumilikdə 70 hektar sahəni əhatə edən qəsəbədə 50 birotaqlı, 296 ikiotaqlı, 242 üçotaqlı, 44 dördotaqlı ev, həmçinin 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da inşa olunub. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş aparılıb. Yol-küçə şəbəkəsi də yüksək səviyyədə qurulub.
Məcburi köçkünlər yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Yeni qəsəbədə mənzillə təmin edilən məcburi köçkünlərdən biri - Ağdam rayonunun Əliağalı kənd sakini Hafizə Məmmədova AzərTac-a müsahibəsində deyib: "21 il idi ki, qarğı və palçıqdan tikilmiş daxmalarda ağır şəraitdə yaşayırdıq. Bu gün isə yaraşıqlı, hər cür şəraiti olan evimiz var. Prezidentimiz həmişə problemlərimizin həllinə xüsusi diqqət və qayğı göstərir. Məcburi köçkünlər adından ona dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq".
Mediainfo.az