“Antep Lahmacun”un məhsullarında zərərli bakteriya aşkar edildi

“Antep Lahmacun”un məhsullarında zərərli bakteriya aşkar edildi

29 Sentyabr 2014 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın "Antep Lahmacun" kafesində bir sıra ciddi nöqsanlar aşkar edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, xidmət yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. ev 70 ünvanında yerləşən fiziki şəxs Hudulov İzzətə məxsus "Antep Lahmacun" kafesində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı bir neçə nöqsan aşkar edilib. Belə ki, kafedə istehsal olunan "Azərbaycan" çörəyinin, kulinariya məmulatlarının hazırlanmasında istifadə olunan xammalların uyğunluq sertifikatları yoxdur, hazırlanan məhsullar hüquqi normativ texniki sənədin tələblərinə uyğun müvafiq qaydada təsdiq edilmiş reseptura və texnoloji təlimatla təmin olunmayıb. Kafedə hazırlanan paytaxt salatından nümunə götürülüb və laborator müayinə zamanı S.auerus bakteriyaları aşkar olunub. Mətbəxin sanitar vəziyyəti qeyri-qənaətbəxşdir, işçilər gigyenik tələblərə riayət etmir və məhsulların və xammalların saxlanması zamanı mal qonşuluğuna riayət edilmir, hazırlanan məhsulların müayinələrinin aparılması üçün heç bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi mövcud deyil.

Yoxlama nəticəsində aşkar olunan nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar verilib.

Mediainfo.az