“Lukoil” Ukraynadakı müəssisələrini dəyər-dəyməzinə satır
Ukrayna ilə Rusiya arasında dərinləşən konfliktlə bağlı hər iki ölkənin iqtisadiyyatı ziyan görür. Rusiyanın yanacaq sektorunun liderlərindən sayılan "Lukoil" şirkəti artıq Ukraynadakı biznesinə son qoymaq qərarına gəlib. İnterfax-ın məlumatına görə, şirkətin rəhbəri Vahid Ələkbərov obyekt və törəmə müəssisələrin satışı üçün bütün sənədləri Ukraynanın antiinhisar xidmətinə təqdim edib. Azərbaycanlı iş adamı satış üçün rəsmi razılığı sentyabra qədər alacağına ümid edir. Məlumatda bildirilir ki, şirkətin yanacaqdoldurma müəssisələri satışa bazar qiymətindən xeyli aşağı – balans qiyməti ilə, yəni təxminən $300 mln-a çıxarılacaq.
Xatırladaq ki, buna qədər "Lukoil" Ukraynada 240 yanacaqdoldurma müəssisəsinin və 6 neft anbarının Avstriyanın AMIC Energy Management GmbH şirkətinə satılması barədə müqavilə imzalayıb. Bundan əlavə Odessada fəaliyyət göstərən neft emalı zavodu da satılıb.
Mediainfo.az










.jpg)















































































