Yeni taksilər artıq Bakıda

Yeni taksilər artıq Bakıda

6 İyun 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin xidmət rəisi Rauf Orucovun verdiyi məlumata görə, artıq Bakıya 100 ədəd bənövşəyi rəngli "TX 4" model taksi gətirilib. Daha 900 ədəd taksi bu ilin sonunda gətiriləcək.

"Bakıya gətirilən taksilər artıq Azadlıq meydanındadır. Hazırda həmin avtomobillərin təqdimat mərasimi keçirilir. Artıq sürücülər üçün təşkil olunan kurslar da yekunlaşıb. Kursu 100 nəfər sürücü müvəffəqiyyətlə bitirib. Tədbirin sonunda yeni gətirilən taksilər həmin sürücülərə paylanacaq", - deyə Rauf Orucov vurğulayıb.

Qeyd edək ki, yeni taksi maşınları Böyük Britaniyanın "Manganese Bronze" şirkətindən alınır. Taksilər Çinin "Geely Automobile Holding"i tərəfindən istehsal olunaraq "Manganese Bronze" şirkətinə göndərilir. Bunun üçün Azərbaycan tərəfi Britaniya şirkətinə 16 mln. funt sterlinq (təxminən 26,1 mln. ABŞ dolları) ödəyəcək.

Yeni taksilərdə taksometrlər də quraşdırılıb. Sərnişinlər bu avtomobillərdə getdikləri hər 1 kilometr üçün 70 qəpik ödəyəcək. Bakıdan sonra belə taksilərin Gəncə və Sumqayıt şəhərlərinə də buraxılacağı nəzərdə tutulub.

Məncə, bəzi sürücülərin tamahına sayğac qoyulmalıdır.

Tofiq Əliyev

O.M.