Heydər Əsədov Şamaxıda vətəndaşlarla görüşüb - FOTO

Heydər Əsədov Şamaxıda vətəndaşlarla görüşüb - FOTO

29 May 2014 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

Kənd Təsərrüfatı naziri Heydər Əsədov bu gün Şamaxı şəhərində Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən apa-ya verilən məlumata görə, nazirliyin idarə və təşkilatlarının, digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 45 vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər əsasən kənd təsərrüfatı subyektlərinə kreditlərin ayrılması, subsidiyalara nəzarət, yeni kombaynların gətirilməsi, süni mayalanma yolu ilə heyvandarlığın inkişafı, texnikanın ehtiyat hissələrinin alınmasına köməklik göstərilməsi, gübrələrin dəyərinin aşağı salınması, taxıl biçini zamanı kombaynlarla təminat, suvarma suyuna olan ehtiyacın ödənilməsi ilə bağlı olub.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlərin bir çoxu yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.