
Füzulidə Qarabağlı gənclərlə görüş keçirilib
Füzulinin Horadiz qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində qarabağlı gənclərin iştirakı ilə "Dövlət Gənclər Siyasətində Qarabağlı gənclərin yeri və rolu" mövzusunda konfrans keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev gənclərin qarşısında çıxış edərək bildirib ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını təmin etmək paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.
Alı Alıyev "Gənclər siyasəti haqqında" Qanunun 12 ildir ki, ölkədə uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, qanun qəbul olunandan ötən müddətdə Füzuli, o cümlədən Qarabağlı gənclərinin fəallığı daha da artmış, siyasətdə, iqtisadiyyatda, mədəni quruculuq sahələrində, elmdə gənclərimiz aparıcı qüvvəyə çevrilib.
Tədbirdə YAP rayon Gənclər Birliyinin sədri Tural Nəbiyev məruzə ilə çıxış edib. O, rayonun 30 min nəfərdən artıq gəncinin rayonun ictimai, siyasi və təsərrüfat sahələrində fərqləndiklərini vurğulamış, təhsil, səhiyyə, mədəniyyət sahələrində gənclərin fəal həyat mövqeyi tutduqlarını qeyd edib.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb.
Sonda tədbir konsert proqramı ilə davam edib.
Mediainfo.az