Elman Mehdiyev Zərdabda vətəndaşlarla görüşüb - Foto

Elman Mehdiyev Zərdabda vətəndaşlarla görüşüb - Foto

21 May 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sosial Müdafiə Fondunun (DSM) sədri Elman Mehdiyev bu gün Zərdabda 11 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Apa-nın Mərkəzi Aran bürosunun məlumatına görə, DSMF sədrinin qəbuluna gələn Zərdab, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Xocavənd, Xocalı, Laçın, İmişli və Füzuli rayonlarının sakinləri əsasən pensiya təyinatı, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər.

Görüş zamanı həmçinin başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.

Qeyd edək ki, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilməsi təmin olunub.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 40-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Qəbulda iştirak edən sakinlər prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

Mediainfo.az