Dnepropetrovsk-Bakı aviareysi açılıb

Dnepropetrovsk-Bakı aviareysi açılıb

19 May 2014 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Dnepropetrovsk vilayəti ilə Bakı arasında birbaşa aviareys açılıb. Apa-nın məlumatına görə, yeni reysin açılış mərasimində "Dnepoavia" şirkətinin kommersiya direktoru Sergey Pasılayev çıxış edərək, dünyanın müxtəlif ölkələrinə uçuşlar həyata keçirilən şirkət haqda ətraflı məlumat verib. O, Dnepropetrovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun çoxsaylı müraciətinə əsasən Dnepropetrovsk-Bakıya təyyarə reysinin açıldığını diqqətə çatdırıb.

Yeni açılan reysin ilkin olaraq həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcəyini bildirən S.Pasılayev iyun ayının ortalarından başlayaraq uçuşların sayının artırılacağını vurğulayıb.

Mərasimdə Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin inkişaf dinamikasından söz açan Dnepropetrovsk Vilayət Deputatlar Şurasının sədri Yevgeni Udod təyyarə reysinin açılmasını ölkələrimiz arasındakı iqtisadi, mədəni əlaqələrin inkişafına səmərəli töhfə verəcəyini bildirib.

O, bir neçə ay öncə ölkəmizdə səfərdə olduğunu və Azərbaycanın qlobal inkişaf dinamikasından heyrətləndiyini deyib.

Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatı Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirova və digərləri çıxış edərək təyyarə reysinin açılmasına görə "Dnepravia" şirkətinə minnətdarlığını bildiriblər.

Mediainfo.az