Ziya Məmmədov Qaxda sakinləri qəbul edib

Ziya Məmmədov Qaxda sakinləri qəbul edib

16 May 2014 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat naziri Ziya Məmmədov Qaxda vətəndaşları qəbul edib.

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulu çərçivəsində Nəqliyyat naziri Ziya Məmmədov Qaxda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Vətəndaşların müraciətlər əsasən regionlarda nəqliyyatla bağlı problemlərinin araşdırılması və həll edilməsi, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin təmiri və tikintisi, işə qəbul və digər məsələlərlə əlaqədar olub.

Nazir tərəfindən fərdi qaydada qəbul edilən bir çox vətəndaşın müraciəti yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılaraq həll olunması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn Qax rayonunun Ağçay kənd sakinləri bir müddət əvvəl onların müraciətləri əsasında kəndə gedən 1,2 km yolun yenidən qurulması və asfaltlanmasında göstərdiyi köməyə görə nazirə minnətdarlıq bildirib.