Həcc ziyarətində qurbanlıq qoyunlar bahalaşacaq

Həcc ziyarətində qurbanlıq qoyunlar bahalaşacaq

14 May 2014 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycandan bu il Həcc ziyarətində olacaq zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiymətində artım olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, azərbaycanlı zəvvarlara 120-140 ABŞ dollarına təqdim olunan qurbanlıq qoyunların qiymətində müvafiq olaraq 10-15 dollar artımlar gözlənilir.

Səbəb olaraq Səudiyyə Ərəbistanında bu il qiymətlərin nisbətən bahalaşması göstərilir. Qoyunların qiyməti Həcc səfəri üçün ödənilən məbləğə daxil deyil, əlavə olaraq ayrıca ödəniləcək. Ötən il qurbanlıq qoyunların qiymətləri azərbaycanlı zəvvarlar üçün 150 dollar olub.

Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvota artıq dolub. Bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-i Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.

Xatırladaq ki, Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu fevralın 13-dən başlayıb. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarların uçuşlarını ASAS (Advance Spesial Aviation Service) aviaşirkəti həyata keçirəcək.

Mediainfo.az