FHN növbəti seminar-müşavirə keçirib - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Salyan rayonunda seminar-müşavirə keçirib.
Xidmətdən apa -ya verilən məlumata görə, seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın Muğan bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə olunub.
Seminar-müşavirədə DYNX Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıdan duran vəzifələrdən ətraflı danışıb.
Seminar-müşavirədə yanğına qarşı təbliğat işinə də geniş yer verilib, "Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri", "Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri" mövzularında mühazirələr dinlənilib.
Tədbirdə dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar seminar-müşavirə iştirakçılarına paylanılıb, Xidmət tərəfindən təşkil olunmuş yanğın texniki sərgi və video-stend nümayiş etdirilib.
Mediainfo.az