Hicran Hüseynova Göyçayda vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova martın 6-da Göyçay rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Apa -nın xəbərinə görə, qəbulda Göyçay, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan 60-a yaxın vətəndaş iştirak edib. Komitə sədri onların şikayət və təkliflərini dinləyib. Qadınları daha çox narahat edən məsələlər, xüsusilə körpə uşaqların övladlığa verilməsi, əlil uşaqların müalicəsi və ya əlil arabaları ilə təminatı, qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələləri ilə əlaqədar daha çox müraciətlər olub. Qadınların işlə təminatı, sağlamlıq, təhsil, yaşayış yerlərinin yaxşılaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də dinlənilib. Qəbul zamanı bir çox şikayətlər yerindəcə həllini tapıb. Bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.