Gəncədə texnikalarin fermerlərə təqdimatı keçirilib

Gəncədə texnikalarin fermerlərə təqdimatı keçirilib

28 Fevral 2014 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Kənd Təsərrüfatı naziri Heydər Əsədov Gəncədə aqrar sahədə istifadə edilən texnikaların fermerlərə təqdimatı mərasimində iştirak edib.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, tədbir Aqrolizinq" ASC-nin Gəncə Təchizat Bazasında təşkil edilib.

Heydər Əsədov çıxışında bildirib ki, ölkə rəhbəri respublikada aqrar sahənin inkişafını daim diqqətdə saxlayır və bu sahənin inkişaf etdirilməsi üçün müvafiq tapşırıqlar verilir. Nazir fermerlərə lizinq yolu ilə texnikaların verilməsi prosesinin bundan sonrada davam edəcəyini və hər ay bu kimi tədbirlərin keçiriləcəyini bildirib: "Əvvəllər texnika fermerlərə təqdim edildikdən sonra yerdə qalan sənədləşmə işlərini təsərrüfat sahibləri özləri etməli idilər. Artıq bu ildən bütün sənədləşmə işləri müvafiq qurumlar tərəfindən görülür, hətta traktorlara nömrələr də alınaraq sahiblərinə verilir. Ən əsası isə fermerlərə texnika ilə rəftar və onun idarə edilməsi sahəsində təlim keçirilir. Təlimin məqsədi də istifadəçilərin texnikadan düzgün yararlanmaları məqsədi daşıyır".

Nazir 30 təlim keçən fermerə aldıqları traktorların sənədlərini təqdim edib və bildirib ki, gələcəkdə fermerlərə texnikaların lizinq yolu ilə verilməsi mexanizmində də təsərrüfat sahiblərinin xeyrinə dəyişiklik ediləcək.

H.Əsədov qeyd edib ki, 200 traktor fermerlərə verildikdən sonra daha 400 traktor ehtiyacı olan təsərrüfat sahiblərinə təqdim ediləcək. Bundan sonra isə növbəti illər üçün tələbatlar nəzərə alınmaqla istehsalçı müəssisəyə sifarişlər veriləcək.