Facebook 19 mlrd. ABŞ dollarına WhatsApp-ı aldı

Facebook 19 mlrd. ABŞ dollarına WhatsApp-ı aldı

21 Fevral 2014 04:54
Bəyəndim (0) Bəyənmədim (0)
Sosial şəbəkə mobil rabitə bazarında da liderə çevrilmək niyyətindədir

Bu ay 10 yaşını qeyd edən Facebook artıq mobil rabitə sektoruna addım atmaq niyyətini elan edib. Reuters-in məlumatına görə, dünən sosial şəbəkə rəsmiləri WhatsApp mesencerini 19 mlrd. ABŞ dollarına satın aldıqlarını rəsmən bəyan ediblər. Hər ay 450 mln. insanın istifadə etdiyi WhatsApp pulsuz mesaj xidməti olaraq BlackBerry telefonlarının Messenger proqramına rəqib olaraq yaranıb. Facebookun təsisçisi Mark Zukerberq WhatsApp-ın xidmətlərini yüksək qiymətləndirərək onun istifadəçilər üçün önəmini qeyd edib. Belə ki, adıçəkilən proqramın istifadəçiləri mesaj mübadiləsi üçün mobil operatorlara ödəniş etmirlər. Məhz bu amil onun istifadəçilərinin sürətlə artmasına səbəb olub. WhatsApp yaradıcılarının açıqlamalarına görə, bu xidmətə hər gün 1 milyon yeni abonent qoşulur.

Yeni müqaviləyə əsasən, Facebook WhatsApp təsisçilərinə 4 mlrd. birbaşa ödəniş edəcək. 15 mlrd. isə sosial şəbəkənin səhmləri ilə ödəniləcək. WhatsApp-ın təsisçisi Yan Koum əvvəlki vəzifəsində qalmaqla yanaşı, Facebook-un direktorlar şurasına daxil olacaq.

Qeyd edək ki, Facebook rəhbərlərinin rəsmi açıqlamasından sonra şirkətin səhmləri 5% ucuzlaşıb.

Xatırladaq ki, buna qədər Facebook Instagram foto-servisini satın almışdı. 2012-ci ildə bağlanmış həmin müqavilə sosial şəbəkəyə 1 mlrd. ABŞ dollarına başa gəlmişdi. İddialara görə, Facebook digər mesaj xidməti olan Snapchat-ı da almaq fikrindədir.

Mediainfo.az