Brüsseldə Xəzər Forumu keçiriləcək

Brüsseldə Xəzər Forumu keçiriləcək

17 Fevral 2014 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Mart ayında Brüsseldə (Belçika) Xəzər Forumu baş tutacaq. Xəzər Strateji İnstitutundan verilən məlumata görə, martın 5-də keçiriləcək Brüssel Xəzər Forumu Cənub Qaz Dəhlizi ilə bağlı xüsusi analitik iclas formasında təşkil olunacaq. Belə ki, proqnozlara görə, artıq 2019-cu ildə bu dəhliz Avropanın alternativ və təhlükəsiz qaz təchizatçısına çevriləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Azərbaycanın "Şahdəniz" yatağında ilkin olaraq hasil ediləcək 1,2 trln. kubmetr həcmdə təbii qazın Avropaya çatdırılmasını nəzərdə tutur. Layihənin iqtisadi və siyasi nəticələri Brüssel Xəzər Forumunun gündəliyinə salınıb. Forumda müxtəlif ölkələrin parlamentarları, səfirləri, alimləri, Xəzər və Avropa ölkələrinin özəl sektorunu təmsil edən yüksək səviyyəli şəxslərin çıxışı nəzərdə tutulub.

Bundan başqa, iş və siyasət dünyasının yüksək rütbəli üzvləri forumda iştirak etmək üçün dəvət olunub. Beynəlxalq təşkilatlar, maliyyə qurumları, beyin mərkəzləri, universitetlər yüksək səviyyədə Brüssel Xəzər Forumunda təmsil olunacaq. Bu dəfə forumda əsas diqqət Cənub Qaz Dəhlizinin çağırışlar və imkanları mövzusuna həsr ediləcək.