Qorxmaz Hüseynov: «Ötən il 2 061 km içməli su, 534 km kanalizasiya xətləri çəkilib»

Qorxmaz Hüseynov: «Ötən il 2 061 km içməli su, 534 km kanalizasiya xətləri çəkilib»

13 Fevral 2014 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-də içməli su təchizatı və kanalizasiya sektorunda 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

"Azərsu" ASC-dən Apa-ya verilən məlumata görə, cəmiyyətin sədri Qorxmaz Hüseynov bildirib ki, ötən il su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib. Onun sözlərinə görə, 2013-cü ildə icra olunan layihələr 24 şəhər və rayon mərkəzini, həmçinin 300-dən çox kəndi əhatə edib. Ötən il 9 şəhər mərkəzinə içməli suyun verilməsi, həmçinin Mərkəzi Laboratoriyanın yeni binasının açılışı olub. Ötən il əhaliyə göstərilən içməli su və kanalizasiya xidmətlərində keyfiyyət dəyişiklikləri müşahidə olunub. Şirvan-Muğan Qrup su kəməri, Külüllü su mənbəyi və Ceyranbatan-Qala magistral su kəməri layihələrinin yekunlaşması ilin mühüm hadisələri kimi tarixə düşüb".

O bildirib ki, ötən il Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi başa çatıb, Dərnəgül-Balaxanı-Qaraçuxur, Xirdalan-Xocahəsən, Pirşağı sahilboyu, Bayıl-Bibiheybət kanalizasiya kollektorlarının tikintisinə başlanılıb: "Ümumilikdə, il ərzində 2 061 km içməli su, 534 km kanalizasiya xətləri çəkilib, 20 ədəd su anbarı və 19 ədəd nasos stansiyası tikilib, 15 ədəd artezian və subartezian quyuları qazılıb. 2013-cü ildə Bakı şəhəri və Abşeron yarımadası üzrə 900-dək çoxmərtəbəli yaşayış binasının həyətlərində və daxili su təchizatı sistemlərində yenidənqurma işləri aparılıb, 191 minə qədər smart-kart tipli su sayğacı quraşdırılıb".

Q.Hüseynov qeyd edib ki, görülmüş tədbirlər nəticəsində 191 min nəfər ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin olunub, fasiləsiz su ilə təmin olunan əhalinin çəkisi Bakı şəhərində 78%-ə, regionlarda isə 55%-ə çatdırılıb.

Q.Hüseynov iclasa yekun vuraraq 2014-cü ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. 2013-cü ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən ASC sədri cari ildə beynəlxalq layihələr çərçivəsində bir sıra rayonlarda işlərə başlanacağını diqqətə çatdırıb. Q.Hüseynov "Azərsu"yun yeni texnologiyalardan istifadəni prioritet seçdiyini xatırladaraq kadr hazırlığı istiqamətində təxirəsalınmaz tədbirlərin görülməli olduğunu vurğulayıb.

"Azərsu" sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verib. O, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abunəçilərlə normal ünsiyyət və davranış qaydalarının təmin edilməli olduğunu qeyd edib.