
Ötən il dövlət büdcəsinin mədaxili 11.403 milyard manat təşkil edib
Milli Məclisin iqtisadi siyasət
komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2010-cu il
dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı
bildirmişdir ki, ötən il Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirləri
99,1 faiz icra olunub və bu da son illərlə müqayisədə ən yüksək göstəricilərdən
biridir.
Komitə sədri 2010-cu ili Azərbaycanın
sosial-iqtisadi həyatında çox uğurlu il kimi qiymətləndirmiş və demişdir ki,
dövlət büdcəsi əhalinin maddi rifahının yaxşılaşması, investisiya
qoyuluşlarının həyata keçirilməsi və makroiqtisadi sabitliyin təmin olunması
kimi hədəfləri reallaşdırır, ölkədə davamlı inkişafın ümumi nəticələrini özündə
əks etdirir.
Ümumiyyətlə isə 2010-cu il icmal
büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz, xərcləri isə
14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olunmuşdur.
Ötən il dövlət büdcəsinin mədaxili 11
milyard 403 milyon manat və ya 99,1 faiz təşkil etmişdir. Bu, 2009-cu illə
müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çoxdur. 2010-cu ildə dövlət
büdcəsinin xərcləri isə 11 milyard 766 milyon manat və ya 95,9 faiz
səviyyəsində icra olunmuşdur ki, bu, 2009-cu illə müqayisədə 1 milyard 262
milyon manat çoxdur.
Müqayisə
üçün bildirək ki, ötən il Ermənistan büdcəsinin gəlir hissəsi 1.973 milyard ABŞ
dolları (qeyd: təxminən 1.578 milyard manat) təşkil etmişdir. Nəticəni özünüz
çıxarın...
Tofiq Əliyev
O.M.