Köçkünlərin mülkiyyət hüquqları qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq

Köçkünlərin mülkiyyət hüquqları qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq

11 Dekabr 2013 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Dağlıq Qarabağdan və ətrafındakı yeddi rayondan məcburi köçkün düşmüş azərbaycanlıların mülkiyyət hüquqları qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq".

Apa-nın məlumatına görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparat rəhbərinin müavini Ədalət Salmanov qaçqın düşmüş vətəndaşların mülkiyyət hüquqlarının qorunmasından danışarkən bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdan qaçqın düşmüş vətəndaşlar hazırda Bakı, digər rayonlar və qəsəbələrdə müvəqqəti qeydiyyatdadırlar: "Lakin Azərbaycanın işğal olunmuş torpaqları azad edildikdən sonra onlar da Azərbaycanın başqa ərazilərindən torpaq payı almış digər vətəndaşlar kimi, bu hüquqlarından istifadə edə biləcəklər. Yəni onların hər birinə qanunvericiliklə müəyyən edilmiş qaydada, həmin ərazi üzrə orta torpaq pay normalarına uyğun olaraq pay torpaqları onların xüsusi mülkiyyətinə veriləcək".

Ə.Salmanov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində həmin dövrdə qeydiyyatda olmuş vətəndaşların torpaq payları ilə təmin olunmasına dair "Torpaq islahatı haqqında" qanun mövcuddur: "Bu qanun bütün Azərbaycan vətəndaşlarına, eləcə də işğal olunmuş ərazilərdə qeydiyyatda olan vətəndaşlara da şamil olunur. Sadəcə, bu ərazilər işğal altında olduğundan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və digər orqanlar müvafiq islahatlar apara bilmirlər. Bütün bunlar torpaqlar işğaldan azad edildikdən sonra mümkün olacaq. Bizdə həmin insanların hamısının dəqiq uçotu var".