Bərdədə sahibkarlara 1,2 mln. manat güzəştli kredit verilib

Bərdədə sahibkarlara 1,2 mln. manat güzəştli kredit verilib

5 Dekabr 2013 18:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunun Mirzalıbəyli kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, tədbir çərçivəsində 60 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 1,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin açılmasına imkan verir. Verilmiş kreditlər əsasən, istixana təsərrüfatlarının yaradılması, heyvandarlıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

Nazirlikdən bildirilib ki, 80-dək sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan pambıqçılıq, taxılçılıq, qarğıdalı istehsalı, bağçılıq, kiçik cins heyvandarlıq təsərrüfatları, kiçik həcmli meyvə-tərəvəz emalı, plastik qapı-pəncərə və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Fondun icraçı direktoru Şirzad Abdullayev bu il ərzində Fondun vəsaitləri hesabına Azərbaycanda sahibkarların 4 229 investisiya layihəsinin maliyyələşdirilməsinə 268,2 mln. manat güzəştli kredit verildiyini, bu kreditlərin reallaşdırılmasının 11 700-ə yaxın yeni iş yerinin açılmasına imkan verdiyini qeyd edib.

O bildirib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 316,8 mln. manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 28 min-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində Bərdədə güzəştli kredit ayrılmış soyuducu anbar kompleksinin, ildə 16,7 min ton süd, 1,2 min ton ət istehsal etmək gücünə malik olan heyvandarlıq müəssisəsinin və ət kəsimi fabrikinin fəaliyyətinə baxış keçirilib.

/Apa/