Azərbaycan və Avstriya iqtisadi əməkdaşlığı genişləndirir

Azərbaycan və Avstriya iqtisadi əməkdaşlığı genişləndirir

4 Dekabr 2013 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Energetika Nazirliyində Bakıda səfərdə olan Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə nazir müavini Andreas Reynhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Apa-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Avstriyanın müxtəlif sektorlarını təmsil edən şirkət rəhbərləri təmsil olunub.

Görüşdə Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov iki ölkə arasında əlaqələrin dostluq müstəvisində davam etdiyini, tərəflər arasında keçirilən görüşlərin müsbət istiqamətdə intensivləşdiyini nəzərə çatdırıb. Azərbaycanın gələcək hədəflərində ixrac potensiallı, rəqabətyönümlü müəssisələrin, eyni zamanda innovativ sahibkarlığın inkişaf etdirilməsinin yer aldığını deyən G.Cavadov Azərbaycan üçün maraq kəsb edən sahələr üzrə Avstriya ilə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirilib.