Ekspert: "Azərbaycanda ən yüksək maaş ayda 60 min manatdır"
Bu gün Azərbaycanda ən yüksək məvacibli işlər bank işi, energetika və sığorta sahələrindədir. Ölkəmizdəki xarici şirkətlər adətən işçilərinə verdikləri maaşı gizli saxlayırlar. Lakin bəzi məlumatlara görə, orada işçilər ayda 20 min manatdan 60 min manatadək maaş alırlar. SOCAR-da isə əməkhaqqı 2 min manata çatır, bununla belə, bu şirkətdə mükafatlandırma sistemi də fəaliyyət göstərir.Oxumeni.az xəbər verir ki, bu barədə "Exo"ya Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycanda maaşı 12 min manat təşkil edən bankın İdarə Heyəti sədrinin müavini vakansiyası açılmışdı. "Ümumilikdə bankda rəhbər vəzifələri tutan şəxslərin maaşları ayda 10 min manata çatır. Sığorta sahəsinin də gəlirləri böyükdür, hətta bəzən onların imkanları işçilərə verilən maaşdan yüksəkdir. Bütün bunlardan başqa, ölkədə "Sığorta haqqında" qanun qəbul olunub və sığortanın bəzi növləri icbari xarakter alıb. Bu sahənin işçiləri ayda 1 min manatadək pul alırlar. Lakin daim xatırlamaq lazımdır ki, bəzi özəl şirkətlərdə maaşı konvertlərdə verirlər, belə desək, ikili mühasibat fəaliyyət göstərir" – deyə, Məmmədov əlavə edib.
Ekspertin bildirdiyinə görə, yaxşı vəzifədə işləmək üçün insanın həmin sahədə iş təcrübəsi, əvvəlki iş yerindən müsbət xarakteristikası olmalı, özünü apara bilməli, ünsiyyətcil, təhsilli və s. olmalıdır.