VİDEO: Bir milyona yaxın avtobus kartı artıq hazırdır

VİDEO: Bir milyona yaxın avtobus kartı artıq hazırdır

11 İyul 2013 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Nağdsiz ödənişlərin stimullaşdırılması və sürücü ilə sərnişinlər arasıdakı təması minimuma endirmək üçün paytaxtdakı avtobusların bəzisində ödənişi kart vasitəsilə həyata keçirmək üçün cihazlar quraşdırılıb. Bu ilin may ayından etibarən paytaxtda fəaliyyət göstərən avtobusların 600-də validator adlanan bu cihazların quraşdırılmasına baxmayaraq, təəssüf ki, sərnişinlər hələ də ödənişi kart vasitəsilə deyil, nağd şəkildə həyata keçirir. Sürücülər də cihazların quraşdırılması prosesinin getdiyini, ancaq kart sisteminə keçidlə bağlı dəqiq məlumatlarının olmadığını deyirlər.

Layihəni həyata keçirən şirkətin nümayəndəsi Cem Demirin sözlərinə görə, ilin sonuna qədər 2500 avtobusda bu cihazların quraşdırılması nəzərdə tutulub. Ödənişi həyata keçirmək üçün isə vətəndaşlar 1-2 manat arasında olacaq kartı əldə etməli və pul yükləməlidir. Sərnişinlər kartları dayanacaqların yanındakı satış məntəqələrindən və qəzet köşklərindən əldə edə biləcək. Qeyd edək ki, bir milyona yaxın kartın hazır olduğu bildirilir.

Vətəndaşlar istifadə olunacaq kartın metro kartı ilə eyni olmasının tərəfdarıdır. Kart sisteminə keçid marşrut avtobuslarında yaşanan bir sıra xoşagəlməz halların aradan qaldırılmasına kömək etsə də, maaş sisteminə keçid qazanc baxımından sürücülərə sərf etməyəcək. Hər halda yeni sistemin nə qədər əlverişli olub-olmadığını zaman göstərəcək.

O.M.