Prezidentin qızının mülklərinə basqın edilib

Prezidentin qızının mülklərinə basqın edilib

4 İyul 2013 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa polisi pulların yuyulması ilə bağlı Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın mülklərində axtarış aparıb.

Oxumeni.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, axtarışlar iyunun 18-də aparılıb. Reydlərin hansı ünvanlarda aparıldığı haqda dəqiq informasiya olmasa da, prezidentin qızının Fransada bir neçə obyekti, Parisdə iki mənzil və San-Trope şəhərində elit villası olduğu bildirilir.

"BBC"nin verdiyi məlumata görə, Daşkənddə əlaqələri olan məlumatlı mənbə axtarışın Parisdə Gülnarə Kərimovaya məxsus mənzildə aparıldığını bildirib. Mənbənin sözlərinə görə, Kərimova həmin vaxt Avropada olub və axtarış haqda eşidər-eşitməz Özbəkistana qayıdıb.

Mənbə həmçinin qeyd edib ki, Kərimova Fransa polisini bu hərəkətinə görə məhkəməyə vermək niyyətindədir.

Axtarışlar İsveçrə Baş Prokurorluğunun adından edilib. Prokurorluq bir neçə özbək vətəndaşını əhatə edən pulların yuyulması barədə iddiaları tədqiq edir. Məqsəd sənədləri əldə etmək və lazım gəlsə, mülkləri zəbt etmək olub.

"Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi"nin ("OCCRP") məlumatında qeyd olunur ki, bu mülklər Fransada Gülnarə Kərimovanın demək olar ki, tam səhmdarı olduğu iki şirkət tərəfindən alınıb. Onun bu şirkətlərdə 95 faizə qədər payı var. Şirkətlərdən ikisini Kərimovanın köməkçisi Alişer Erqaşev idarə edir. O, İsverçrədə pulların yuyulması, İsveçdə isə korrupsiyaya qurşanmış ödənişlərlə bağlı iddialara görə istintaq olunur.

O.M.