Diqqət! Bakı Metropoliteni sərnişinlərinin nəzərinə!

Diqqət! Bakı Metropoliteni sərnişinlərinin nəzərinə!

1 İyul 2013 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxta əhalinin sayının azalması ilə əlaqədar 01 iyuldan etibarən Bakı Metropoliteni yay qrafikinə keçir. Metropolitendən verilən məlumata görə, mövsümü xarakter daşıyan yay hərəkət cədvəlinə əsasən, sərnişin axınının nəzərəçarpacaq dərəcədə azalması nəzərə alınaraq, qatarlar arasında intervallarda bəzi dəyişikliklər edilib.

Bu dövrdə "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında interval gur saatlarda (08:00-dan 10:00-dək və 17:00-dan 19:30-dək) 2,5 dəqiqə təşkil edəcək. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 5 dəqiqə olacaq.

Günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə 3 dəqiqə intervalla hərəkət edəcək. Müvafiq olaraq, "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət zamanı interval 6 dəqiqə təşkil edəcək.

Cari ilin sentyabr ayında qatarların payız qrafikinin tətbiqinə başlanılacaq və həmin qrafik gələn ilin iyul ayına qədər etibarlı olacaq.

Qeyd edək ki, "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil-Nəriman Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.

Metropolitendən verilən digər məlumata görə, 01 iyuldan etibarən Bakı Metropoliteninin "28 May" stansiyasının əsas çıxışı bağlanılıb. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi və yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə "28 May" stansiyasında aparılan yenidənqurma işlərinin növbəti mərhələsi çərçivəsində əsas çıxışın bağlanması zərurətə çevrilib. Stansiyanın "Cəfər Cabbarlı" meydanı istiqamətində olan əsas çıxışı iyulun 1-dən etibarən yenidənqurma işləri başa çatdırılana qədər bağlı olacaq.

Qeyd edək ki, Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramına uyğun olaraq, hazırlanmış tədbirlər planına əsasən, stansiyanın bu hissəsində yeni giriş-çıxış konstruksiyası inşa olunacaq. Bu günədək metropoliten rəhbərliyi sərnişinlərin əsas çıxışdan istifadə etməsi üçün müxtəlif tədbirlər görüb. Sərnişinlərin tam təhlükəsizliyi, həmçinin yay aylarında sərnişin axınının nisbətən azalması nəzərə alınaraq, metropoliten rəhbərliyi iyulun 1-dən stansiyanın bağlanması ilə bağlı qərar qəbul edib.

"Onu da əlavə edək ki, 1967-ci ildə istifadəyə verilmiş stansiyada bu işlərlə yanaşı, istismar müddətini başa vurmuş və yararsız hala gəlmiş avadanlıqlar da yenilənəcək. Müvəqqəti narahatlığa görə metropoliten rəhbərliyi sərnişinlərdən üzr istəyir", - deyə metropolitenin məlumatında bildirilir.

O.M.