Özbəkistan və İsveçrə arasında  252,5 milyon dollarlıq aktivlərin qaytarılması ilə bağlı saziş təsdiqlənib

Özbəkistan və İsveçrə arasında 252,5 milyon dollarlıq aktivlərin qaytarılması ilə bağlı saziş təsdiqlənib

Bəyəndim (1) Bəyənmədim (0)

Özbəkistan və İsveçrə arasında qanunsuz əldə edilmiş aktivlərin növbəti hissəsinin Özbəkistana qaytarılması ilə bağlı saziş 24 noyabr 2026-cı ildə təsdiqlənib.

Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi bəyan edib. Sazişə əsasən, Özbəkistana 252,5 milyon dollar qaytarılacaq. Vəsait İşonç Etibar Fondu (Özbəkistan Vizyonu 2030 Fondu) vasitəsilə əhalinin rifah halının yaxşılaşdırılması və insan kapitalının inkişafı üçün yönəldiləcək.

Resursların Bölünməsi Strategiyasının ikinci mərhələsi barədə sənəd Özbəkistan İqtisadiyyat və Maliyyə nazirinin müavini Otabek Fazilkərimov, İsveçrənin Özbəkistandakı Fövqəladə və Səlahiyyətli səfiri Simone Giger və Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbəkistandakı Rezident Koordinatoru Sabine Machl tərəfindən imzalanıb.

Strategiyanın ikinci mərhələsi prioritet sosial inkişaf proqramları üçün 252,5 milyon dolların qaytarılması və bölüşdürülməsi üçün çərçivə müəyyən edir. Strategiyada iki prioritet sahə müəyyən edilib.

Səhiyyə sahəsində proqrama uşaqlar və yeniyetmələr üçün tibbi xidmətlərin gücləndirilməsi, xəstəliklərin qarşısının alınması və erkən aşkarlanması, müəyyən xərçəng növlərinin müalicəsinə çıxışın genişləndirilməsi və səhiyyə işçilərinin peşəkar bacarıqlarının artırılması daxildir.

Təhsil sahəsində proqram məktəb infrastrukturu ehtiyaclarını, o cümlədən yeni məktəblərin tikintisini, rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyasını, müəllim hazırlığını və keyfiyyətli təhsilə çıxışın genişləndirilməsini əhatə edir.

Bu sahələr çərçivəsində kənd sakinləri və aztəminatlı qruplar üçün əsas xidmətlərə çıxışa xüsusi diqqət yetiriləcək.

Əziz Mustafa