Türkmənistan Şimal-Cənub Dəhlizinin bir hissəsi olaraq Qazaxıstan sərhədinə gedən yolu açıb
Türkmənistan 44 kilometrlik Qaraboğaz-Qazaxıstan sərhəd avtomobil yolunu açdı. Oxuməni.az xəbər verir ki, bu barədə Turkmenistan.ru məlumat yayıb.
Yeni yol Türkmənbaşı-Qaraboğaz-Qazaxıstan sərhəd avtomobil magistralının bir hissəsidir. Açıqlamaya görə, yol Qazaxıstan sərhədinə birbaşa çıxışı təmin edir və beynəlxalq standartlara uyğun inşa edilir.
207 kilometrlik Türkmənbaşı-Qaraboğaz avtomobil yolunun tikintisinə 2025-ci ilin noyabr ayında başlanılıb və bu hissədə işlər davam edir.
Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (BNDD) bir hissəsinə çevrilməsi nəzərdə tutulan Aşqabad-Daşoğuz avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. Onun uzunluğu 550 km olacaq.
Rusiya, Hindistan və İran Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması haqqında sazişi 12 sentyabr 2000-ci ildə imzalayıblar. Saziş 2002-ci ilin may ayında qüvvəyə minib. Layihə Cənubi Asiya, Fars körfəzi ölkələri, Rusiya və Avropa arasında yük daşınması üçün alternativ marşrut təmin etmək, Süveyş kanalından keçən ənənəvi dəniz yolu ilə müqayisədə daşınma vaxtını və xərclərini azaltmaq üçün nəzərdə tutulub.
Daha sonra Qazaxıstan, Belarus, Azərbaycan, Ermənistan və Türkiyə də daxil olmaqla digər ölkələr sazişə qoşulublar. 2023-cü ildə bu siyahıya Türkmənistan da əlavə edilib. Şimal-Cənub Nəqliyyat Dəhlizi dəmir yolu, avtomobil və dəniz yollarını birləşdirən multimodal nəqliyyat şəbəkəsidir.
Əziz MUSTAFA

























































































