Norveçin neft fondunun vəsaitləri nüvə silahı istehsalçılarına yönəldilə bilər

Norveçin neft fondunun vəsaitləri nüvə silahı istehsalçılarına yönəldilə bilər

Bəyəndim (1) Bəyənmədim (0)

Norveç hökumətinin təyin etdiyi komissiya dünyanın ən böyük suveren investisiya fondu olan ölkənin dövlət fonduna nüvə silahı istehsal edən şirkətlərə investisiya yatırmaq qadağasının ləğvini tövsiyə edib. Oxuməni. az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Hazırda aktivlərinin həcmi 2,3 trilyon dollar təşkil edən və gəlirlərini neft rentası hesabına formalaşdıran fondun məsuliyyətli investisiya prinsipləri onun Avropanın BAE Systems və Airbus, ABŞ-ın Boeing, General Dynamics, Honeywell və Northrop Grumman kimi şirkətlərinə investisiya yatırmasına icazə vermir. Bu şirkətlərin hamısı bu və ya digər formada nüvə silahının yaradılmasında iştirak edir.

Fondun qara siyahısında ümumilikdə 14 belə şirkət var. Hökumət komissiyasının təklifi qəbul edilərsə, Hindistanın Larsen & Toubro şirkəti istisna olmaqla, onlardan 13-ü potensial investisiya hədəfinə çevrilə bilər. Financial Times yazır ki, komissiya yalnız Norveçin müttəfiqi olan ölkələrdəki şirkətlərə investisiya yatırılmasına icazə verilməsini tövsiyə edib.

NATO-nun keçmiş baş katibi, hazırda isə Norveçin maliyyə naziri olan Yens Stoltenberq daha əvvəl qəzetə müsahibəsində ölkəsinin NATO üzvü olduğu və alyansın nüvə müdafiəsi çətirinin üstünlüklərindən yararlandığı halda, ABŞ, Böyük Britaniya və Fransanın ən böyük müdafiə sənayesi şirkətlərindən bəzilərinə investisiya yatıra bilməməsini “paradoks” adlandırıb.

Bununla belə, bütün siyasətçilər bu addımı dəstəkləmir. Yaşıllar Partiyasının deputatı Oda İnqaard təklifi “tamamilə dəlilik” və “etik fəlakət” adlandırıb. Hökumət komissiyanın tövsiyələri ilə bağlı qərar qəbul edəcək, parlament isə məsələyə gələn il baxacaq.

Norveçdəki müzakirələr NATO ölkələrinin Rusiyanın getdikcə daha düşməncəsinə və aqressiv siyasətini nəzərə alaraq nüvə çəkindirməsi sahəsində mövqelərini gücləndirməyə çalışdığı bir vaxta təsadüf edir. Finlandiya, Latviya, Litva və Estoniya kimi ölkələr öz ərazilərində nüvə silahının yerləşdirilməsinə icazə verilməsi məsələsini nəzərdən keçirir və ya bununla bağlı qərarlar qəbul ediblər.

Almaz Həsənli