OpenAI BƏƏ fondları və BlackRock-dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

OpenAI BƏƏ fondları və BlackRock-dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Bəyəndim (0) Bəyənmədim (0)

ChatGPT-nin yaradıcısı OpenAI şirkəti Birləşmiş Ərəb Əmirliklərinin bir neçə investisiya fondu, o cümlədən Əbu-Dabinin MGX şirkəti ilə ən azı 30 milyard dollarlıq maliyyələşdirmə raundunun formalaşdırılması üçün sindikat yaratmaq məqsədilə danışıqlar aparır.

Bu barədə Oxuməni. az “Bloomberg”-in məlumatlarına istinadən xəbər verir.

Nəşrin mənbələrinin sözlərinə görə, BƏƏ fondları ümumilikdə 10 milyard dollara qədər vəsait yatırmağı müzakirə edirlər. Bununla yanaşı, qlobal investisiya şirkəti BlackRock Inc. də sindikatla yanaşı raundda iştirak etmək üçün danışıqlar aparır.

Maliyyə vəsaitlərinin cəlb edilməsi prosesi davam etdiyindən, sövdələşmənin detalları və yekun strukturu dəyişə bilər. OpenAI və BlackRock şərh verməkdən imtina edib, MGX nümayəndələri isə iş saatlarından sonra göndərilən sorğuya cavab verməyib.

Hazırkı maliyyələşdirmə raundu çərçivəsində OpenAI investisiyaların cəlb edilməsindən əvvəl şirkətin dəyərinin (pre-money) təxminən 1,4 trilyon dollar səviyyəsində müəyyən edilməsi şərti ilə ən azı 30 milyard dollar cəlb etməyi planlaşdırır.

  • Şirkət aparıcı investorla razılaşmadan əvvəl şirkətin dəyərini 1,4 trilyon dollar səviyyəsində sabit qiymət kimi müəyyən edir. Bu, fondların şərtləri özlərinin təklif etdiyi və aparıcı investor statusu üzrə danışıqlar apardığı ənənəvi vençur kapitalı praktikasından fərqlənir;
  • Səhmlərin ictimai bazara çıxarılması (IPO) ən azı gələn ilə qədər təxirə salınıb. Buna səbəb komandanın diqqətini süni intellektin təhlükəsizliyinə yönəltməsidir;
  • Şirkət əvvəlki maliyyələşdirmə raundunu mart ayında başa çatdırıb və cəlb edilmiş kapital nəzərə alınmaqla 852 milyard dollar qiymətləndirmə əsasında 12 milyard dollar vəsait toplayıb.

OpenAI rəhbərliyi raundda iştirakla bağlı mövcud investorları – Kaliforniya Universitetinin ianə fondunu, həmçinin Thrive Capital və Andreessen Horowitz vençur şirkətlərini də məsləhətləşmələrə cəlb edib. Tərəflərin hamısı şərh verməkdən imtina edib və ya operativ şəkildə cavab verməyib.

Yaxın Şərqdən kapital cəlb edilməsi OpenAI və Anthropic kimi aparıcı süni intellekt şirkətləri üçün geniş yayılmış praktikadır. Bu, modellərin hazırlanması və saxlanmasının yüksək xərcləri ilə əlaqədardır. Xüsusilə, MGX daha əvvəl hər iki şirkətin layihələrinə investisiya yatırıb və ilin əvvəlində süni intellekt infrastrukturu və texnologiyalarına xərclər üçün təxminən 50 milyard dollar vəsait cəlb edib.

Qeyd edək ki, daha əvvəl ChatGPT-nin yaradıcısının illik gəlirlərinin 70 milyard dollara yaxınlaşdığı barədə məlumat yayılmışdı. OpenAI şirkətinin hazırkı biznes göstəriciləri əsasında hesablanan illik gəlir tempi də təxminən 70 milyard dollara yaxınlaşır.

Almaz Həsənli