Brent neftinin qiyməti 101,74 dollara yüksəlib
Neftin qiyməti çərşənbə axşamı səhər dörd günlük ucuzlaşmadan sonra artıb. Treyderlər Yaxın Şərqdəki vəziyyəti və onun nizamlanması perspektivlərini qiymətləndirirlər.
Oxuməni.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:18-ə olan məlumata görə, bir barel üçün 101,74 dollar təşkil edib. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 1,4 dollar (1,4 faiz) çoxdur. Bazar ertəsi həmin kontraktlar 3,53 dollar (3,4 faiz) ucuzlaşaraq bir barel üçün 100,34 dollara düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində oktyabr ayı üzrə WTI markalı neft fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:10-a olan məlumata görə, 1,07 dollar (1,12 faiz) artaraq bir barel üçün 96,85 dollara çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, onların qiyməti 4,52 dollar (4,51 faiz) azalaraq 95,78 dollar təşkil edib.
Oktyabr kontraktlarının tədavül müddəti çərşənbə axşamı bazarın bağlanması ilə başa çatır. Daha aktiv şəkildə satılan noyabr fyuçersləri isə Bakı vaxtı ilə saat 09:18-ə 1,03 dollar (1,12 faiz) bahalaşaraq bir barel üçün 93,4 dollara yüksəlib.
Almaz Həsənli



























































































