Rubio: ABŞ TRIPP layihəsinin gələcəkdə də irəliləyəcəyinə ümid edir
ABŞ Cənubi Qafqaz ərazisində TRIPP layihəsinin gələcəkdə də irəliləyəcəyinə və yeni iqtisadi imkanların açılacağına ümid edir.
Oxuməni. az ABŞ Dövlət Departamentinin məlumatına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ermənistanın milli günü münasibətilə yaydığı təbrikdə bildirilib.
“Son bir il ərzində birlikdə əldə etdiyimiz tarixi irəliləyiş ümumi məqsəd – sülh və rifah naminə çalışaraq nələrə nail olmağın mümkün olduğunu nümayiş etdirir. Biz Trampın TRIPP marşrutunun daha da inkişaf etdirilməsinə, iqtisadi əlaqələrin gücləndirilməsinə, Amerika investisiyalarının təşviqinə və Ermənistan, eləcə də bütün region üçün yeni imkanların açılmasına ümid edirik”, – Marko Rubio bildirib.
Bundan əlavə, o, Vaşinqtonun İrəvanla diplomatik və iqtisadi əlaqələrin uzunmüddətli perspektivdə gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Növbəti bir neçə il ərzində iki ölkə arasında əməkdaşlığın ardıcıl şəkildə genişlənəcəyi gözlənilir.
Qeyd edək ki, TRIPP layihəsi Cənubi Qafqaz ərazisindən keçən yeni nəqliyyat dəhlizini nəzərdə tutur. Tranzit magistralının tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır. Bu, Avropa ilə Asiya arasında yeni ticarət marşrutunun açılmasına imkan verəcək.
Almaz Həsənli




























































































