Meta və Nvidia süni intellektin inkişafının əlaqələndirilmiş şəkildə yavaşladılmasına qarşı çıxıb
Meta şirkətinin rəhbəri Mark Zukerberq süni intellektin inkişaf tempinin əlaqələndirilmiş şəkildə yavaşladılmasının əleyhinə çıxıb. O bildirib ki, şirkətlər müstəqil ekspert və məsləhətçiləri cəlb etməklə öz modellərinin təhlükəsizliyini müstəqil şəkildə təmin etməlidirlər. Oxuməni. az xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Onun sözlərinə görə, tərtibatçılar istifadəçilərin maraqlarına ən yaxşı şəkildə cavab verən məhsul yaratmaqda maraqlıdırlar. Zukerberq vurğulayıb ki, laboratoriyalar öz modellərinin səbəb ola biləcəyi hər hansı zərərə görə ciddi məsuliyyət daşıyır və buna görə də təhlükəsizlik məsələlərinə mümkün qədər çox diqqət yetirməkdə maraqlıdırlar.
Zukerberq həmçinin bildirib ki, Meta rəqiblərini də eyni addımı atmağa çağırmadan, süni intellekt agenti “Muse”-nin istifadəyə verilməsini təkmilləşdirmə işləri aparmaq üçün özü təxirə salıb.
“Biz bunu gündəlik işimizin bir hissəsi olaraq etdik, çünki bunun həm insanlar, həm də bizim üçün doğru addım olduğu aydın idi. Təhlükəsizlik sahəsində yaratdığımız təməllə fəxr edirəm”, – deyə o bildirib.
Nvidia şirkətinin rəhbəri Jensen Huang da oxşar mövqe nümayiş etdirib. “Bazar qüvvələri artıq mövcuddur, bizə yeni qanunlara və yeni qaydalara ehtiyac yoxdur”, – deyə o bildirib.
Huang süni intellekt tərtibatçılarının eyni vaxtda həm innovasiyalarla məşğul ola, həm də təhlükəsizliyi təmin edə biləcəklərinə əmin olduğunu bildirib. Onun fikrincə, şirkət məhsulun təhlükəsizliyinə əminliyini itirdiyi halda onun hazırlanmasını dayandırmalıdır.
“Bacardığınız qədər sürətlə irəliləyin, amma hansısa məqamda şirkətin nəzarətdən çıxdığını və ya məhsulların təhlükəli ola biləcəyini hiss etsəniz, fasilə verin və işi düzgün şəkildə həyata keçirin”, – deyə Huang bildirib.
Qeyd edək ki, bundan əvvəl Anthropic şirkətinin rəhbəri Dario Amodei ən qabaqcıl süni intellekt sistemlərinin hazırlanmasının yavaşladılmasına çağırdığı esse dərc edib. O bildirib ki, bu, tədqiqatçılara potensial təhdidləri araşdırmaq üçün daha çox vaxt verə bilər. Onun mövqeyini OpenAI rəhbəri Sem Altman və İlon Mask dəstəkləyib.
Almaz Həsənli




























































































