Azərbaycan neftinin qiyməti bir barel üçün 127 dolları ötüb
Dünya bazarında Azərbaycan nefti Azeri Light markasının bir barelinin qiyməti 7,27 dollar artaraq 127,29 dollara çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə hərracların nəticələrinə əsasən məlumat yayılıb.
Bu gün səhər Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,76 dollar artaraq bir barel üçün 107,44 dollara yüksəlib. WTI markalı neft üzrə müqavilələrin qiyməti isə 1,92 dollar bahalaşaraq 103,31 dollar təşkil edib.
Eyni zamanda, Azərbaycanın neftinin Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə qiyməti 7,13 dollar artaraq bir barel üçün 121,71 dollara çatıb.
Azərbaycanın dövlət büdcəsində cari il üçün neftin qiyməti bir barel üzrə 65 dollar səviyyəsində nəzərdə tutulub. Azeri Light neftinin tarixi maksimum qiyməti isə 2008-ci ilin iyulunda qeydə alınıb və 149,66 dollar təşkil edib.
Qeyd edək ki, bir sıra ekspertlər Yəmən husilərinin son pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinin fəaliyyətinin dayandırılmasından sonra dünya üzrə neft tədarükünə yaranan risklər səbəbindən qiymətlərin daha da artacağını gözləyirlər.
Almaz Həsənli






























































































