ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları ötüb
ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları keçib. Oxuməni az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Ümumi məbləğə vətəndaşların və investorların əlində olan 32,266 trilyon dollarlıq dövlət qiymətli kağızları, həmçinin 7,78 trilyon dollarlıq hökumətlərarası borc daxildir.
ABŞ-ın dövlət borcu on ildən də az müddətdə iki dəfədən çox artıb. Donald Trampın prezidentlik müddətinin ilk dövrünün əvvəlində bu göstərici 19,95 trilyon dollar təşkil edirdi. Artımın təxminən üçdə biri COVID-19 pandemiyasının iki ili ərzində baş verib. Həmin dövrdə ABŞ hakimiyyəti iqtisadiyyatı dəstəkləmək məqsədilə dövlət xərclərini kəskin artırmışdı.
Ölkənin büdcə kəsiri də yüksək olaraq qalır. Maliyyə Nazirliyi ötən həftə bildirib ki, iyul ayında büdcə kəsiri 432 milyard dollar təşkil edib. Bu, ABŞ tarixində aylıq ən yüksək dördüncü göstəricidir.
Borcun artması fonunda Trampdan amerikalıların dövlət istiqrazları bazarında mümkün dəyişkənlikdən narahat olub-olmamalı olduqları soruşulub. Prezident buna mənfi cavab verərək ABŞ-ı «çox qüdrətli ölkə» hesab etdiyini bildirib. Eyni zamanda Tramp yenidən faiz dərəcələrinin aşağı salınmasının tərəfdarı olduğunu vurğulayıb.
Almaz Həsənli














.jpg)










































































