Ermənistanda fermerlər şaftalının ucuz qiymətə satılmasına etiraz olaraq yolu bağlayıblar

Ermənistanda fermerlər şaftalının ucuz qiymətə satılmasına etiraz olaraq yolu bağlayıblar

Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Armavir vilayətinin Xancyan və Xatsik kəndlərinin sakinləri kənd təsərrüfatı məhsullarının, o cümlədən şaftalının satışı ilə bağlı problemlərə görə yolu bağlayıblar. Oxuməni.az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

Sakinlər icma rəhbərinə məhsulların aşağı qiymətə satılmasından və satışla bağlı çətinliklərdən şikayətləniblər. Onların sözlərinə görə, bu məsələ daha əvvəl həll edilməli idi, çünki meyvəni uzun müddət saxlamaq mümkün deyil.

Nəşr toplaşanlardan birinin sözlərindən sitat gətirir: "Biz gözləyə bilərik, amma meyvə gözləyə bilməz. Şaftalı gözləyə bilməz".

İcma rəhbəri iradlara cavab olaraq bildirib ki, İqtisadiyyat Nazirliyində vilayət rəhbəri ilə görüş keçirilir və məsələ həll olunur. Onun sözlərinə görə, məhsulun bir hissəsini quru meyvə istehsalçıları alacaq, bir hissəsi ixrac olunacaq, qalanı isə emal edilərək konservləşdiriləcək.

Sakinlər məhsulun aşağı qiymətindən narazı qaldıqlarını bildirib və qeyd ediblər ki, məsələ ilə vəziyyət gərginləşməmişdən əvvəl məşğul olmaq lazım idi, hazırda isə məsələ "kritik nöqtə"yə çatıb.

Məmurlarla görüşdən sonra fermerlər yolu açıblar, lakin problem həll olunmayacağı təqdirdə avqustun 19-da yolu yenidən bağlayacaqlarını bəyan ediblər.

Almaz Həsənli