2022-ci ildən bəri Kim Çen In 22 milyard dollar toplayıb

2022-ci ildən bəri Kim Çen In 22 milyard dollar toplayıb

Bəyəndim (1) Bəyənmədim (0)

2022-2026-cı illər ərzində Şimali Koreyanın xaricdəki gəlirləri 22 milyard dollara çatıb ki, bu da əvvəlki dörd illə müqayisədə dörd dəfə çoxdur. Oxuməni.az xəbər verir ki, bu hesablamalar ticarət hesabatlarının, kəşfiyyat məlumatlarının, peyk görüntülərinin, mənbələrdən alınan informasiyaların və digər məlumatların təhlilinə əsaslanan "Bloomberg Economics" (BE) analitik xidmətinə məxsusdur. BE analitikləri qeyd edirlər ki, bununla da KXDR lideri Kim Çen Inın sərəncamında "onun 15 illik hakimiyyəti dövründə olduğundan daha çox pul" toplanıb.

Xidmətin hesablamalarına görə, KXDR-in gəlirlərinin artması ilk növbədə Rusiyaya silah tədarükü və oraya şimali koreyalı hərbçilərin göndərilməsi ilə bağlıdır. BE-nin söhbət etdiyi ekspertlər qeyd ediblər ki, Rusiyaya silah satışından əldə edilən vəsait Şimali Koreya üçün əsl "lotereya uduşu" olub. Bununla yanaşı, KXDR-in digər tərəfdaşı olan Çindən daxil olan vəsaitlər də artıb. BE-nin məlumatına görə, gəlir mənbələrindən biri də şimali koreyalı hakerlər tərəfindən kriptovalyuta oğurluğudur. "TRM Labs" şirkətinin məlumatına görə, hazırda dünyadakı bütün kriptovalyuta oğurluqlarının təxminən 70%-i KXDR hakerlərinin payına düşür (2017-ci ildə bu rəqəm 30% idi).

Cənubi Koreya məlumatlarına görə, ötən il KXDR iqtisadiyyatı 3,5% artıb. "Bloomberg"in yazdığına görə, gəlirlərin artması Şimali Koreyadakı gündəlik həyatda da özünü göstərir. Son bir neçə ildə orada aktiv tikinti işləri aparılır. Əhali arasında smartfonların sayı əhəmiyyətli dərəcədə artıb, yemək çatdırılması və taksi sifarişi xidmətləri meydana çıxıb. BE analitikləri qeyd edirlər ki, rifahın artımından Çindən edilən idxalın xarakteri də xəbər verir — belə ki, KXDR idman malları, videooyunlar və istirahət üçün digər əşyaları kifayət qədər aktiv şəkildə almağa başlayıb.

Almaz Həsənli