Apple qadağan olunmuş məzmun aşkar edildikdən sonra “Telegram”-ı App Store-dan müvəqqəti silib
Apple uşaqların cinsi istismarı ilə bağlı qadağan olunmuş materialların aşkar edilməsindən sonra Telegram messencerini müvəqqəti olaraq App Store tətbiq mağazasından silib. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, tətbiq ABŞ, Hindistan, Avstraliya və Sinqapurda bəzi istifadəçilər üçün əlçatan olmayıb. Bundan əvvəl də KİV-də tətbiqin yüklənməsi ilə bağlı problemlər barədə xəbərlər yayılmışdı.
Daha sonra tərtibatçı qadağan olunmuş məzmunu operativ şəkildə sildikdən və onu paylaşan istifadəçinin hesabını blokladıqdan sonra messencer tam şəkildə bərpa edilib. Telegram nümayəndəsinin sözlərinə görə, Apple platformanı uşaqların cinsi istismarı ilə bağlı materiallar yayan bir istifadəçi barədə məlumatlandırıb və həmin hesab dərhal bloklanıb.
Platformanın məlumatına əsasən, ilin əvvəlindən bəri Telegram bu cür məzmunla əlaqəli 300 mindən çox qrup və kanalı silib.
2024-cü ildə Pavel Durova Fransada bir sıra ittihamlar, o cümlədən uşaqların iştirakı ilə seksual xarakterli materialların yayılmasına şəriklik və platforma ilə bağlı digər cinayətlər üzrə ittiham irəli sürülmüşdü. Əvvəlcə ona ölkəni tərk etmək qadağan edilmişdi, lakin sonradan bu məhdudiyyət aradan qaldırılıb.
Durov isə daha əvvəl dəfələrlə Telegram-ın fəaliyyətini məhdudlaşdırmaq cəhdlərini tənqid edib.
Ötən həftə, iyulun 30-da Rusiya hakimiyyəti də Durovu terrorçuluğa yardım etməkdə ittiham edib, ona qarşı Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi üzrə cinayət işi açaraq onu axtarışa verib.
“Bloomberg” agentliyinin məlumatına görə, qərargahı Dubayda yerləşən Telegramın aylıq aktiv istifadəçilərinin sayı 1 milyardı ötür.
Almaz Həsənli



























































































