“Ozon” “Wildberries”-ə edilən hücumlar fonunda bahalı malları anbarlardan təhvil məntəqələrinə köçürməyə başlayıb
"Ozon" marketpleysi bəzi satıcılarına anbarlarında saxlanılan müəyyən malların ən yaxın sifariş təhvil məntəqələrinə (STM) köçürüləcəyi barədə bildiriş göndərib. Oxuməni.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti şirkətin bildirişinə istinadən məlumat yayıb.
Satıcılar köçürülmə üçün heç bir xərc ödəməyəcəklər. Satıcılardan biri qəzetə bildirib ki, marketpleys malları STM-lərə avqustun 2-nə keçən gecədən etibarən köçürməyə başlayıb. Məsələ ilə tanış olan həmsöhbət bildirib ki, bu tədbirlər məhdud çeşidli mallara şamil edilir. Bunu "MoySklad" xidmətinin baş direktoru Askar Rəhimberdiyev də təsdiqləyib. O, söhbətin bahalı malların – əsasən texnika və elektronikanın köçürülməsindən getdiyini qeyd edib.
Beynəlxalq Marketpleyslərin İnkişafı və Sahibkarlar Assosiasiyasının baş direktoru Aleksey Molodıxın fikrincə, "Ozon"-un bu təşəbbüsü marketpleysin Ukrayna dronlarının onlayn ticarət obyektlərinə hücumları nəticəsində yaranan riskləri minimuma endirmək istəyi ilə bağlı ola bilər. Bununla belə, o vurğulayıb ki, standart "Ozon" təhvil məntəqəsi 10-30 kvadratmetr sahəyə malikdir, buna görə də məntəqənin əsas fəaliyyətinə zərər vurmadan orada uzun müddətə çoxlu sayda bahalı mal saxlamaq mümkün deyil.
"Ozon" şərh verməkdən imtina edib. "Kommersant" qeyd edir ki, hazırda marketpleysin ölkə üzrə 85 mindən çox təhvil məntəqəsi var.
Ukrayna iyulun ortalarından etibarən "Wildberries"-in logistika mərkəzlərinə mütəmadi olaraq hücumlar təşkil edir. Avqustun 4-ü səhər saatlarına olan məlumata görə, marketpleysin artıq 20 anbarı hücuma məruz qalıb. Ekspertlərin hesablamalarına görə, anbarlardakı yanğınlar nəticəsində "Wildberries" satıcıları təxminən 215–280 milyard rubl itirə bilər.
Almaz Həsənli



























































































